Emosional zəka testi

Yaşadığımız hər bir emosiya ətrafda baş verənlərə reaksiyamızı ifadə edir. Buna görə də emosiyalar özündə müəyyən məlumat daşıyır. Emosional zəka, bir növ, insanın həmin məlumatları oxumaq və səmərəli istifadə etmək qabiliyyətidir. Bəs bu qabiliyyət bizə nə üçün lazımdır? Emosional zəkası yüksək olan insanlar bu və ya digər hadisə zamanı hansı emosiyanı yaşadığı, onun intensivliyi və mənbəyi barədə aydın təsəvvürə malikdirlər. Onlar öz emosiyalarının davranışlarına necə təsir etdiyini təxmin edə və bununla da özlərini idarə edə bilirlər. Həmçinin digərlərinin emosional vəziyyətini anlayır və nəticədə onlara təsir edirlər.

Bəs Sizdə bu bacarıqlar varmı?

Özünüzü tanıma, idarə etmə, başqalarının emosiyalarını anlama və təsir etmə qabiliyyətiniz necədir?

Bunu müəyyən etmək üçün sizə Nikolas Hollun emosional zəka testini təqdim edirik. Dünyada emosional zəkanı təyin etmək üçün bir neçə metod var. Bu testi özəl edən xüsusiyyət odur ki, burada IQ testlərində olduğu kimi bir bal yox, emosional zəkanın 5 aspektinin hər biri üçün fərqli qiymətləndirmə aparılır.

Test 30 sualdan ibarətdir. Hər aspekti ölçmək üçün 6 sual verilmişdir.

Bu testdən əldə etdiyiniz nəticə Sizə EQ-nün məhz hansı xüsusiyyəti üzərində daha çox işləməli olduğunuz barədə sizə istiqamət verəcək. Təklif edirik ki, cavab verərkən uzun müddət düşünməməyə və özünüzə mümkün qədər obyektiv baxmağa çalışasınız.

Stresə qarşı həssaslıq testi Stres fərdin özünü rahat hiss etmədiyi vəziyyətlərdə orqanizmdə yaranan reaksiyadır. Lakin bu reaksiya fərdi xüsusiyyətlərdən, stres faktorundan asılı olaraq həmişə eyni olmur. Stres adaptasiya problemidir və ətraf aləmdə dəyişiklik baş verdikdə yaranır. “Dəyişiklik” dedikdə istənilən, yəni,  fiziki, kimyəvi, psixoloji və s. dəyişikliklər nəzərdə tutulur. Bu zaman insan orqanizmi dərhal hadisəyə adaptasiya olunmağa başlayır. Stres xəstəlik deyil, orqanizmin müəyyən bir vəziyyətidir. Streslə bağlı bir çox işlər görmüş Hans Selye nəzəriyyəsinə görə, stres - ətraf mühitin insanlardan həddən artıq tələbləri nəticəsində yarana bilər. Məsələn, imtahandan əvvəl, işdəki problemlər, qohumlar ilə mübahisələr, narahatlıq və s. hallar stres səbəbi hesab edilə bilər. Selye son olaraq belə nəticəyə gəldi ki, "İnsanlar stresdən qaça bilməzlər, stresdən tam azad olmağın yolu ölməkdir! Stresdən yalnız heç nə etməməklə qaçmaq olar".

Bəs Siz stresə qarşı nə dərəcədə həssassınız? Bunu yoxlamağa hazırsınızmı? Sizə stresə olan həssaslıq dərəcənizi ölçmək üçün test təqdim edirik.

Testdə bir neçə stres faktorla bağlı suallar toplusu var. Suallara cavab verərkən maksimum səmimi olmağa və hadisələrə olan reaksiyanızı obyektiv dəyərləndirməyə çalışın. Yalnız bu halda testin nəticəsi Sizə uyğun ola bilər. 

Emosiyanı oxu testi İnsanlarla danışarkən ən çox nəyə fikir verirsiniz? Sizin üçün onların nə dediyi, yoxsa necə dediyi önəmlidir? Yalnız sözlərə diqqət etdiyiniz halda qarşınızdakı insanın səmimiyyətini ölçə bilirsinizmi? Məlumdur ki, insanların dedikləri ilə demək istədikləri heç də həmişə üst-üstə düşmür. Bu, həm daxili (özgüvən, enerji, bacarıqlar və s.), həm də xarici (mühit, vəzifə, səlahiyyət və s.) faktorlardan asılı ola bilər. Bəs siz insanların fikirlərini onların üzlərindən oxumağı bacarırsınızmı? Biz sizə bu bacarığınızı yoxlamaq üçün test təqdim edirik. Nə deyirsiniz, başlayaq?

Pozitiv düşüncə tərzi testi Pozitiv düşüncə real düşüncədir. Pozitiv düşünən insan öz həyat məqsədlərini anlayır, özü onları reallaşdırmağı düşünür. “Pozitiv düşünmə” ifadəsindəki “pozitiv” sözü “yaxşı”, “müsbət”, “ürəkaçan” deyil, “var”, “mövcud olan”, “real olan” deməkdir. Yəni, pozitiv düşünmək heç də həmişə müsbət əhval ruhiyyədə olmaq, daim gülümsəmək və ya hər problemdə müsbət tərəf axtarmaq, “hər şey yaxşı olacaq” demək deyil. Əvəzində mövcud olana, məqsədlərə, həllərə, çıxış yollarına yönəlmək, yəni, fərqli fikirlərə açıq olmaq deməkdir. Böyük və ya kiçik olmasından asılı olmayaraq istənilən arzunuz və ya məqsədinizin yerinə yetirilməsində ilk addım pozitiv düşünməyiniz ola bilər. Bu halda düşüncə tərziniz istəklərinizə çatmaqda sizin üçün faydalı alətlərdən biri olacaqdır. Bəs siz pozitiv düşünürsünüzmü? Bunu yoxlamaq üçün sizə “Pozitiv düşünmə” testindən keçməyi təklif edirik.

Enneaqram testi Enneaqram- 9 şəxsiyyət tipini təqdim edən modeldir. Enneaqram insanların təkcə davranışını deyil, əsasən daxili motivasiyasını öyrənir. Bu isə o deməkdir ki, bu model insanların nəinki necə, həmçinin məhz niyə belə davrandığını aydınlaşdırır. Enneaqram vasitəsilə insanların stres və komfortlu vəziyyətlərində davranış tərzlərini, həyatdakı əsas inanclarını, psixoloji ehtiyaclarını müəyyən edə bilərsiniz.

Saytımızda yerləşdirilən bu test Enneatipinizi təyin etməkdə Sizə kömək edəcəkdir. Bu testdən istənilən insan keçə bilər. Testdə 36 sual və hər sualda 2 fikir vardır. Onlardan yalnız birini seçə bilərsiniz. Bu seçimi edərkən maksimum səmimi olmağınız şərtdir.  Testi təklikdə, rahat bir şəraitdə etməyə çalışın. Əgər sosial istəklilik nümayiş etdirib “düzgün” cavablar versəniz, bu nəticəyə əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Test sizə 9 tipin hər birinə aidiyyatlılıq faizinizi göstərəcək. İlkin olaraq ən uyğun hesab edildiyiniz 5 tipin nəticəsi qabardılacaq. Daha sonra dairədə olan hər bir tipin üzərinə sıxmaqla tip barədə məlumat əldə edə bilərsiniz.